Fəaliyyət


Xalq Təhsili Muzeyi qədim zamanlardan başlayaraq müasir dövrə qədər Azərbaycan pedaqoji fikrin və təhsilin inkişafı tarixini əks etdirən, bütövlüklə təhsil sisteminin nailiyyətlərini təbliğ edən Respublika əhəmiyyətli müəssisəsidir.

Muzeyin ekspozisiya və fondunda toplanmış 36 mindən artıq foto, sənəd və materiallar, nəşr nümunələri və digər eksponatlar, Azərbaycan təhsilinin tədqiqi, öyrənilməsi və təbliği işində bir mənbə kimi mühüm əhəmiyyət kəsb edir. Belə ki, KİV nümayəndələri, kinematoqrafiya işçiləri, tədqiqatçılar elmi əsərlərin yazılmasında, radio və televiziya verlişlərinin hazırlanmasında və sənədli filmlərin çəkilişində muzeyin fond və ekspozisiya materiallarından istifadə edirlər. 

          Son üç ildə muzeyin fond və ekspozisiya materiallarından istifadə olunmaqla, Rus əməkdaşlıq nümayəndəliyi, Bakı şəhərində Rusiya İnformasiya Mərkəzi tərəfindən “A.O.Çernyayevski”, Azərbaycan Televeziya və Radio Verlişləri QSC-nin “Azərbaycantelefilm” Yaradıcılıq Birliyi tərəfindən “H.Z.Tağıyev”, “M.Mehdizadə”, “F.Köçərli”, “R.Əfəndiyev”,“S.S.Axundov”, Lider Televiziyası tərəfindən “H.Z.Tağıyevin qız məktəbi” adlı sənədli filmlər çəkilmiş, Azərbaycan Televiziya və Radio Verlişləri QSC-nin Mədəniyyət kanalında efirə gedəcək “Keçmişdən gələcəyə” və “Maarif  işığında” proqramlarının çəkilişləri muzey əməkdaşlarının iştirakı ilə muzey salonlarında aparılmışdır.

Azərbaycan təhsilinin inkişaf tarixi və bugünki nailiyyətlərinin öyrənilməsi və təbliği istiqamətində Xalq Təhsili Muzeyində elmi-axtarış və tədqiqat işləri aparılır, muzey əməkdaşları elmi-axtarış və tədqiqat işlərinin nəticəsi ilə bağlı məqalələrlə dövri mətbuatda çıxış edirlər.

Muzeyin direktor müavini Z.Şiriyevanın “Роль педагога в организации воспитательной работы” ( “Научные труды” Международный научной конференции, Москва, 12-14 марта, 2014 г.), “Muzey mühiti gənclərlə təlim-tərbiyə prosesinin mühüm kompanenti kimi” (“Azərbaycan məktəbi” jurnalı ), “H.Zərdabi və maarif”  (“Azərbaycan müəllimi”qəzeti), “Tarixi qurultay”(“Azərbaycan müəllimi”qəzeti), Ekspozisiya şöbəsinin müdiri Q.Qafarovanın “XIX əsrdə Azərbaycan təhsilinin inkişafı və idarəçiliyi üçün qəbul olunmuş nizamnamələr və ya təhsilimizin keçdiyi yol” (“Təhsil” jurnalı), şöbənin kiçik elmi işçisi A.Nəsirovanın “Maarif fədailərimiz: Ağabəy İsrafilbəyli” (“Azərbaycan məktəbi”),Fond və kitabxana şöbəsinin elmi işçisi J.Əbilovanın “Tanınmış müəllim, şair Mirzə Xosrov Axundzadə-125” (“Azərbaycan müəllimi”) adlı məqalələrini nümunə göstərmək olar.

Muzey tərəfindən müntəzəm olaraq Azərbaycanda təhsilin inkişaf yolunda böyük xidmətləri olan şəxsiyyətlərə, pedaqoq alimlərə, qabaqcıl müəllimlərə həsr olunmuş və Respublika əhəmiyyətli günlərlə bağlı maraqlı sərgilər təşkil edilir, tanınmış ziyalılar, alimlər, müəllimlər, şagird və tələbələr, KİV nümayəndələrinin iştirakı ilə təqdimat mərasimləri, seminarlar və digər tədbirlər keçirilir.

H.Əliyevin 85 illiyinə həsr olunmuş “Bir ömrün salnaməsi” adlı bədii sərgisinin “H.Əliyev və təhsil” bölməsinə, YUNESKO, Azərbaycan Respublikası Təhsil Nazirliyi və H.Əliyevin təşkilatçılığı ilə Bakıda keçirilən “Dünyada savadlılığın dəstəklənməsi” üzrə Azərbaycan təhsilinin tarixi və indiki vəziyyətinə dair nümayiş etdiriləcək sərgi üçün Xalq Təhsili Muzeyi fotomateriallar, dərslik və tədris ləvazimatları təqdim etmişdir. 

Muzey ekspozisiyası ilə tanış olmaq məqsədilə gələn ziyarətçilər öz təəssüratlarını rəy kitabındakı qeydlərdə açıqlamış, Azərbaycan təhsilinin inkişaf tarixinin təbliğində Xalq Təhsili Muzeyinin müstəsna əhəmiyyətini vurğulamışlar.

Xalq Təhsili Muzeyi öz fəaliyyətini “Təhsil haqqında” və “Muzeylər haqqında” Azərbaycan Respublikası Qanunlarına, Təhsil Nazirliyinin əmr və sərəncamlarına, eləcə də muzeyinin Nizamnaməsinə uyğun həyata keçirməklə, zəngin mütərəqqi ənənələrə, milli-mənəvi dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq inkişaf edən müasir Azərbaycan təhsilinin nailiyyətlərini əks etdirən sənəd və materialların öyrənilməsi, komplektləşdirilməsi, mühafizəsi və muzeyə gələnlərə təbliğatı işlərini həyata keçirir.